Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb.
"Unikal" xəbər verir ki, məqsəd avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması sahəsində mövcud vəziyyət, problemlər və perspektivlər barədə müzakirələrin aparılması, yeni prioritetlərin müəyyən edilməsi və təkliflərin dinlənilməsi olub.
Müzakirə zamanı avtomobil nəqliyyatı sahəsində aparılan islahatlar, yerli daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının genişləndirilməsi, həmçinin nəqliyyat sahəsində rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Rəşad Nəbiyev çıxışında avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviq edilməsi istiqamətində görülən işlər haqqında danışıb.
Nazir vurğulayıb ki, yalnız həqiqi hökumət-biznes tərəfdaşlığı ilə Azərbaycanı qlobal logistika və nəqliyyat bazarının dəyərli hissəsinə çevirmək mümkündür.
Rəşad Nəbiyev daşıyıcı şirkət rəhbərləri ilə keçirilən son görüşdən sonra qanunvericilikdə və strukturda baş verən dəyişikliklər haqqında məlumat verib.
Bildirilib ki, cənab Prezident İlham Əliyevin Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxs yaradıldı və yaxın zamanlarda Agentliyin Nizamnaməsi təsdiq ediləcək.
Əlavə edilib ki, Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli müvafiq Qərarı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları” təsdiq edilib. Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək. Qaydalara əsasən sürücülərlə əmək müqaviləsi bağlanılmalıdır. Daşıyıcının məsul şəxsi və sürücüləri peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçərək şəhadətnamə almalıdır. Operator işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verməlidir. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarı uğur üçün mühüm faktor olaraq insan kapitalının önəmini təsdiq edir.
Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində daşıyıcılara dəstək göstərməyə və onların inkişafına kömək etməyə hazırdır. Avtomobil nəqliyyatı sahəsini tənzimləyən mövcud normativ-hüquqi aktlarda ciddi dəyişikliklərlə bağlı təkliflər hazırlanmış və yaxın zamanlarda təsdiq edilməsi gözlənilir. Bu sahədə xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılacaq.
Görüş iştirakçıları qarşılaşdıqları problemlər haqqında ətraflı məlumat veriblər.
Sonda nəqliyyat və logistika şirkətlərinin nümayəndələri minnətdarlıqlarını bildirib və bu görüşün gələcək fəaliyyət üçün faydalı olacağına əminliklərini ifadə ediblər.