Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq Proqramı (FATP) Sazişi üzrə layihələr uğurla icra olunur. Proqram çərçivəsində icra olunan “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” layihəsinə əsasən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir. 

"Unikal" xəbər verir ki, indiyədək 12 hədəf regionundan 300-ə yaxın qadın fermeri birləşdirən bu layihədə bağçılıq, arıçılıq, heyvandarlıq, quşçuluq, aqroturizm, qida təhlükəsizliyi, marketinq və satış üzrə təlimlər keçirilib,  qadın fermerlər tərəfindən təqdim olunmuş 245 biznes plan təsdiqlənib. Təsdiq edilmiş biznes planlara əsasən 13 təsərrüfat damcı suvarma sistemi, 83 təsərrüfat arıçılıq avadanlığı, digər təsərrüfatlar isə quşçuluq, südçülük, qida emalı və məhsul yığımı üçün alətlər və avadanlıqlarla təmin ediliblər. 14 qadın qrupuna bizneslərinin təşviqi və məlumata çıxışın təmin olunması məqsədilə komputer avadanlıqları verilib.
 
Bununla yanaşı, kənd yerlərində qadınların məşğulluğu, start-up və sahibkarlıq üçün texniki dəstək sahələrində ən yaxşı təcrübələrlə tanış olmaq məqsədilə Türkiyəyə təlim səfəri təşkil edilib. Səfərdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, layihə benefisiarları, o cümlədən müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Layihənin növbəti mərhələsində fermerlərə texniki dəstəyin göstərilməsi davam edəcək və bazarlara çıxışları daha da genişləndiriləcək.

Qeyd edək ki, Azərbaycan hökumətinin maliyyə dəstəyi, Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası və FAO-nun texniki dəstəyi ilə icra olunan “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” layihəsinin məqsədi kənd təsərrüfatının müxtəlif sahələrində çalışan qadınların bilik və bacarıqlarını artırmaq, məşğulluğunu təmin etmək, onları lazımi avadanlıqlarla təchiz etməklə bizneslərinin inkişafına dəstək göstərməkdir.