"Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılması ilə bağlı anlaşmadan sonra birjalarda taxılın qiymətində 3 faizə yaxın azalma qeydə alındı. Amma sonra yenidən taxılın qiymətində artımlar müşahidə olunub".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra taxılın qiymətində kəskin artımlar var:
"Müharibə səbəbindən Ukrayna bu il ilkin şumlama işlərini tam həcmdə apara bilməyib. Həmçinin, müharibə səbəbindən biçin vaxtı problemlər müşahidə olundu. Mövcud ixrac ehtiyatlarının dünya bazarına çıxarılması qlobal bazarda qiymətlərə müəyyən qədər təsir göstərsə də, uzunmüddətli dövr üçün taxılın qiymətində artımların davam edəcəyi gözləniləndir. Azərbaycan taxıla olan tələbin təxminən 40 faizini idxal hesabına ödəyir. Yerdə qalan 60 faiz isə yerli istehsal hesabına təmin olunur. İdxal olunan taxılın isə 95 faizdən çoxu Rusiyanın payına düşür. Dünya bazarında taxılın qiymətinin artması Azərbaycan üçün idxal inflyasiyası yaradır. Rusiyada taxıl ixracatının tənzimlənməsi ilə bağlı qərar Azərbaycana daxil olan taxılın həcminə birbaşa təsir göstərir".
Deputat qeyd edib ki, payızda taxılın və unun qiymətinin necə dəyişəcəyi birbaşa dünya bazarındakı qiymətdən asılı olacaq:
"Nazirlər Kabineti çalışır ki, antiinflyasiya tədbirləri çərçivəsində dünya bazarındakı qiymət artımlarının Azərbaycan istehlak bazarına təsirlərini minimumlaşdırsın. Amma qeyd etdiyimiz kimi, idxal inflyasiyası qaçılmazdır. Dünya bazarında müşahidə edilən kəskin qiymət artımları Azərbaycanın istehlak bazarına təsirsiz ötüşmür. Artıq ölkəmizin istehlak bazarında rəsmi inflyasiyada ərzaq məhsullarının qiymətinin artmasını müşahidə edirik. Un məhsullarının qiymətinin artması idxal etdiyimiz məhsulların qiymətindən asılı olacaq. Növbəti dövrlərdə Azərbaycanın istehlak bazarına idxal inflyasiyasının təsirləri müşahidə olunacaq".
Anar Kəlbiyev