Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və digər rəsmi şəxsləri qarşıladı.
Prezident Rəcəb Tayyib Ərdoğan dövlət, hökumət və nümayəndə heyətləri başçıları ilə söhbət etdi.
Sonra şam yeməyi oldu.
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayaraq dedi: “V İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bu qardaşlıq süfrəsi ətrafında sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram. Həzrət Mövlanənin şəhəri Konyamıza hamınız xoş gəlmisiniz. Sizin şəxsinizdə İslam dünyasının müxtəlif bölgələrindən Oyunlarda iştirak edən bütün idmançılarımıza və komandalarımıza da “Xoş gəldiniz!” deyirəm.
İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır”.
Prezident Rəcəb Tayyib Ərdoğan pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra V İslamiadanın keçirilməsindən məmnunluğunu ifadə etdi, Oyunlara marağın böyük olduğunu vurğuladı. Dünyada gərginliklərin, iqtisadi çətinliklərin yaşandığını, müsəlmanlara qarşı bütün sahələrdə ayrı-seçkiliyin ciddi narahatlıq doğurduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Konyadan bütün dünyaya ötürüləcək qardaşlıq mesajlarının bu ayrı-seçkiliyin qarşısının alınmasına töhfə verəcəyinə əminliyini bildirdi.
Türkiyə Prezidenti bütün komandalara və idmançılara uğurlar arzuladı.