Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara məxsus mobil telefonları ələ keçirən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bir neçə rayon ərazisində sakinlərin etibarından sui-istifadə edərək onların mobil telefonlarını ələ keçirən Laçın rayon sakini Ruslan Mirzəyev saxlanılıb. İlkin araşdırmalarla R.Mirzəyevin ayrı-ayrı şəxslərə məxsus 10 mobil telefonu danışıq məqsədi ilə istəyərək daha sonra mənimsədiyi müəyyən edilib. Bununla da vətəndaşlara 3600 manatdan artıq ziyan vurub.
Onun digər cinayətlər törətməsi istisna edilmir. R.Mirzəyevin qanunsuz əməllərindən əziyyət çəkən vətəndaşlar varsa, “102” Xidməti-Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinin 021-275-50-17 nömrəsinə müraciət etmələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır.