29 avqust tarixində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.
“Unikal” xəbər verir ki, bu haqda Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Belə ki, 5488 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingeçevir şəhərləri və Salyan rayonu olmaqla, ümumilikdə 9 imtahan mərkəzində təşkil olunacaq.
Bildirilib ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq, namizədin imtahan nəticəsinə təsir göstərəcək.
Vurğulanıb ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.
Təlimatla bağlı ətraflı məlumat üçün namizədlərə şəxsi səhifələrinə nəzər yetirmələri tövsiyə olunur.