Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə tranzit daşınan yüklər haqqında elektron məlumat mübadiləsi haqqında saziş imzalayıblar.
"Unikal" xəbər verir ki, sənəd bu gün Bakıda gömrük məsələləri üzrə üçtərəfli komitənin iclasında hazırlanıb.
Saziş trans-Avropa və trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən BTQ dəmir yolu ilə yüklərin daşınması baxımından yeni imkanlar yaradacaq.
Mallar haqqında ilkin məlumatların elektron mübadiləsi sayəsində gömrük prosedurları sadələşdiriləcək və sərhəd-keçid prosesləri sürətləndiriləcək. Müqavilə limanların logistik imkanlarının artırılmasına da kömək edəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhlizin logistik hissəsidir. Layihə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkələrini vahid nəqliyyat dəhlizində birləşdirməyə imkan verib. BTQ-nin ümumi uzunluğu təqribən 830 km-dir.
Bu dəmir yolu xətti 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir.
BTQ-nin Gürcüstan hissəsinin tikintisini Azərbaycan maliyyələşdirib və o, Gürcüstana ümumilikdə 775 milyon dollar dəyərində iki güzəştli kredit ayırıb.