Mariupolda işğalçı “hakimiyyət”i təmsil etməyi öhdəsinə götürmüş məmurların özləri şəhərdə yaşamırlar, onları hər dəfə Rusiyanın Rostov vilayətindən helikopterlərlə ora gətirirlər.
"Unikal" xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petro Andryuşenko məlumat yayıb.
"Rusiyanın Donetsk vilayətinin "rəhbərləri" Mariupolda yaşamır. Onlar səhər ayrı-ayrılıqda helikopterlərlə Rostov vilayətindən gətirilir", - mer müşaviri bildirib.
Qeyd edək ki, Rusiyanın təcavüzü Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. Rusiyanın atəşə tutması nəticəsində şəhər demək olar ki, tamamilə dağıdılıb. Hazırda burada nə işıq, nə su, nə də qaz normal verilir. Rusiya işğalı başlayandan bəri şəhərdə 22 minə yaxın dinc sakin həlak olub. 50 mindən çox insan Rusiyaya və Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinə deportasiya edilib.