Bəhreynin Sənaye və Ticarət Nazirliyi ətraf mühitin çirklənməsinin azaldılması səyləri çərçivəsində sentyabrın 18-dən etibarən plastik torbaların istehsalı və idxalının qadağan edildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Bəhreyn Sənaye və Ticarət Nazirliyindən verilən yazılı açıqlamada, qalınlığı 35 mikrondan az olan birdəfəlik istifadəlik plastik torbaların istehsalı və idxalının qadağan edildiyi və qərarın tibbi məqsədlər üçün istifadə edilən və ixrac edilən plastik torbaları əhatə etmədiyi bildirilib.
Bəhreynin Sənaye və Ticarət Naziri Zayed bin Rəşid əz-Zeyyani də Bəhreyn mediasında verdiyi açıqlamada vurğulayıb ki, sözügedən addım Bəhreyndə canlı təbiət üçün böyük təhlükə yaradan ətraf mühitin çirklənməsinin qarşısının alınması və plastik tullantıların azaldılması üçün atılıb.
Bəhreynin qərarına bənzər təcrübələrin ətraf mühitin mühafizəsi səyləri çərçivəsində bir çox ölkədə qüvvədə olduğuna diqqət çəkən Zeyyani, nazirliyin Bəhreyndə plastik torba fabrikləri və plastik torbalara alternativ fabriklərin vəziyyəti ilə bağlı da əhatəli bir araşdırma hazırladığını bildirib.