İran, Rusiya və Azərbaycan gömrük rəhbərləri arasında tranzitin asanlaşdırılması sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb.

"Unikal" xəbər verir ki, anlaşma memorandumuni İran Gömrük İdarəsinin rəisi Əlirza Müqədisi, Rusiya Federasiyasının gömrük rəisi Vladimir Bulavin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqətti icra edən Şahin Bağırov arasında imzalanıb.

Üçtərəfli görüşdə imzalanmış “Tranzitin asanlaşdırılmasına dair üçtərəfli anlaşma memorandumu” Rusiyaya Azərbaycan vasitəsilə İran mallarının ixrac marşrutunu qısaldacaq və İran mallarının Azərbaycana tranzitinin asanlaşdırılmasına kömək edəcək.

Memoranduma görə, razılığa gələn tərəflərin üzv olduqları beynəlxalq müqavilə və konvensiyalara uyğun olaraq, malların tranziti prosedurlarının sadələşdirilməsi, əlaqələndirilməsi və standartlaşdırılmasını öhdəlik götürüb. Həmçinin, ticarəti artırmaq və malların tranzitini sürətləndirmək üçün üç ölkənin gömrük orqanları ümumi sərhədlərdə iş vaxtını artırmaq və əlaqələndirmək, yükün tranziti ilə bağlı sənədləri və müvafiq məlumat mübadiləsini elektron qaydada həyata keçirməyi öhdəsinə götürür.

Ümumi sərhədlərdə daha çox koordinasiya və daha çox iş saatı üçün müntəzəm dövri birgə görüşlər keçirmək haqqında razılıq əldə edilib.

Həmçinin bu görüşdə İran, Rusiya, Azərbaycan və Hindistan gömrükləri arasında tranzitin asanlaşdırılması üçün dördtərəfli anlaşma memorandumu təklif edilib.