Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamladı.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

10:55

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

***

09:57

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana rəsmi səfər edəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hər iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir.