Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarların öhdəliklərinə təminatın verilməsi mexanizminin təkmilləşdirilməsi və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib.
"Unikal" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra borcalanların, onların nizamnamə kapitalında 25% və daha artıq payı olan şəxslərin, eləcə də borcalanların zaminlərinin kredit sifarişi tarixinə və yaxud zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 gündən artıq gecikməsi olduqda və yaxud son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda onlara zəmanət verilməyəcək. İndiyə qədər bu müddət 60 gün idi.
Bundan başqa, bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 90%-dən çox olmamalıdır. İndiyə qədər yuxarı hədd 85% idi.