Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Dominikan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elvis Antonio Alam Loranın etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, Elvis Antonio Alam Loran etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli əlaqələrə toxunaraq, İkinci Qarabağ müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı siyasi hücumlar fonunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Dominikan Respublikasının ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququnun BMT Təhlükəsizlik Şurasının bəzi üzv dövlətləri tərəfindən pozmaq cəhdinin qarşısı Dominikan Respublikası və Təhlükəsizlik Şurasına üzv olan bir sıra dövlətlərin qəti mövqeyi sayəsində alınıb. Dövlətimizin başçısı, eyni zamanda, Dominikanın Qoşulmama Hərəkatında da Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini dəstəkləyən bir ölkə olduğunu məmnunluqla vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına, COVID-19-la, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Gənclər təşkilatının yaradılması ilə bağlı təşəbbüslərinin Dominikan tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu dedi, eyni zamanda, ticari və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsi yollarının da müəyyənləşdirilməsinin zərurliyini bildirdi.
Səfir ilk növbədə Dominikan Respublikasının Prezidenti Luis Abinaderin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığıni bildirdi, onun da salamlarını Dominikan Prezidentinə çatdırmağı xahiş etdi.
Səfir qeyd etdi ki, Azərbaycan kimi çox gözəl ölkəyə səfərindən və Dominikanın Azərbaycana ilk səfiri təyin olunmasından məmnunluq duyur. Elvis Antonio Alam Loran ölkəmizlə ticarət, turizm sahələrində və digər sahələrdə dinamik əlaqələrin qurulacağına ümidvar olduğunu vurğuladı.
***16:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, Adis Alagiç etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
İkitərəfli əlaqələrə toxunan dövlət başçısı Bosniya və Herseqovinanın rəhbərləri, o cümlədən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçlə görüşlərini məmnunluqla xatırladı və ona salamlarını çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev bu görüşlərdə çox səmimi və səmərəli müzakirələrin aparıldığını dedi.
Dövlətimizin başçısı Ermənistanın işğalı zamanı və Qarabağın azad edildiyi dövrdə Bosniya və Herseqovinanın Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdi və bunu ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatında da göstərilən qarşılıqlı dəstəyin önəmini qeyd etdi.
Səfir ilk növbədə Bosniya və Herseqovina rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovina rəhbərliyinə çatdırmağı xahiş etdi.
Azərbaycana səfir təyin olunmasından qürur duyduğunu qeyd edən Adis Alagiç fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcini dedi.
Səfir vurğuladı ki, ölkəsi Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü müdafiə etməsini və Qarabağın uğurla bərpa olunmasını dəstəkləyir. O, ötən il Ağdama, yaxın günlərdə isə Şuşaya planlaşdırılan səfərindən məmnunluq hissi duyduğunu bildirdi. Adis Alagiç ölkələrimiz arasında çox güclü siyasi əlaqələrin ümumilikdə ikitərəfli münasibətlərimizə olduqca müsbət təsir etdiyini dedi. Diplomat ölkəsinin ikitərəfli və çoxtərəfli səviyyədə əlaqələrimizi daha da möhkəmləndirilməsində maraqlı olduğunu qeyd etdi.
***14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Tailand Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Apirat Suqondhabhiromun etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, səfir Apirat Suqondhabhirom etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev Azərbaycan-Tailand ikitərəfli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu qeyd edərək müxtəlif sahələrdə, xüsusən də Tailandda çox inkişaf edən turizm istiqamətində daha fəal şəkildə əməkdaşlığın həyata keçirilməsinin zəruriliyini bildirdi, texnologiya sahəsində əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb. Azərbaycanda az sayda Tailand şirkətinin fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı ölkələrimizin mövcud potensialı nəzərə alınaraq iqtisadi sahədə əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu deyib.
Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən Apirat Suqondhabhirom paytaxtımızın gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını söyləyib. Səfir də öz növbəsində Azərbaycan ilə Tailandın mövcud potensialını qeyd edərək, müxtəlif istiqamətlərdə, o cümlədən turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlarımız arasında əlaqələrin qurulması istiqamətində səylərini əsirgəməcəyini bildirib.
Söhbət zamanı qida məhsullarının emalı sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub.
***
12:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Tailand Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Apirat Suqondhabhiromun etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Həmçinin, Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin, Dominikan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elvis Antonio Alam Loranın etimadnaməsini qəbul edib.