“Azərxalça” ASC ötən il üzrə maliyyə hesabatını açıqlayıb. ASC 2021-ci ili xalis zərərlə başa vurub. Belə ki, ötən il “Azərxalça”nın satış gəlirləri 1,6 milyon manat (2020-ci illə müqayisədə 3 dəfə az), satışının maya dəyəri 1,2 milyon manat (3,8 dəfə az), sair gəlirləri 412 min manat (2,8 dəfə az) təşkil edib.
Bu dövrdə “Azərxalça”nın inzibati və əməliyyat xərcləri 18% azalaraq 4,2 milyon manata, faiz gəlirləri isə 182 min manata bərabər olub. Qeyd edək ki, ASC-nin 2020-ci ildə faiz gəlirləri olmayıb. Ümumilikdə "Azərxalça"nın əməliyyat zərəri ötən il 12% artaraq 3,8 milyon manata, xalis zərəri isə 2,6% azalaraq 3,2 milyon manata bərabər olub.
Hesabatlara əsasən, “Azərxalça” artıq dörd ildir ki, zərərlə işləyir. ASC 2020, 2021-ci illə yanaşı, 2019 və 2018-ci illər üzrə də xalis zərər açıqlayıb. Səhmdar cəmiyyətin ümumilikdə yığılmış zərəri 17,04 milyon manata bərabər.
"Unikal" xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı xatırladıb ki, 9 yanvar 2021-ci ildə “Azərxalçanın” rəhbəri Vidadi Muradov həbs edilib, dövlətə külli miqdarda dövlətə ziyan vurduğu, “Azərxalçanı” yeyib-dağıtdığı üzə çıxmışdı. O qeyd edib ki, Vidadi Muradov 31 oktyabr 2021-ci ildə səhhəti ilə əlaqədar həbsdən azad olunub, 4 noyabr 2021-ci ildə isə xərçəng xəstəliyindən vəfat edib:
" “Azərxalçaya” yeni rəhbər təyin edildi, indi isə 2021-ci illə, yəni, Vidadi Muradovun artıq rəhbər olmadığı keçən illə bağlı rəsmi rəqəmlər açıqlanıb. Məlum olur ki, 2021-ci ildə “Azərxalça” 3 milyon 200 min manat xalis zərər edib. “Azərxalça” ASC-nin satışdan gəlirləri 2020-ci ildə 5 milyon 142 min manat ikən, 2021-ci ildə 1 milyon 607 min manata düşüb (3,2 dəfə azalıb). 31 dekabr 2021-ci il tarixində “Azərxalça” ASC-nin yığılmış zərəri 17 milyon 39 min manata çatıb.Bütün bunları nədən xatırlatdım? Diqqətli oxucular xatırlayır ki, bu təşkilat yaranan ilk gündən məzmunsuz qurum olduğunu israrla söyləmişik, dövlətin xalça toxumaq kimi bir işə girişməsini mənasız adlandırmışıq, problemin kadrlarda, rəhbərdə deyil də, sistemdə olduğunu söyləmişik".
N.Cəfərlinin sözlərinə görə, dövlət xalçaçılığı inkişaf etdirmək istəyirsə, ayrıca bir qurum yaratmalı deyil:
"Büdcədən ona çoxlu pul ayırmamalıdır, həmin pulların yeyilməsinə şərait yaratmamalıdır. Dövlət iqtisadiyyatda ən pis, ən bərbad oyunçudur, menecerdir, dövlət xalçaçılığa sosial və mədəni sahə kimi baxıb inkişaf etdirmək istəyirsə, bunun yolları var. Bu işi bacaranlara, xalça toxumaq mədəniyyəti və ənənələri olan ailələrə pulsuz avadanlıqla yardım edir, onları vergidən tam azad edir, uzunmüddətli və faizsiz kredit xətti ayırır. Bu zaman pullar göyə, ciblərə sovurulmur, xalçanı bu işi bacaran toxuyur, satmağı bacaranlara verir, onlar da satırlar, dövlət isə ziyanla işləyən müəssisələrə pul ayırmağa məcbur qalmır, həm də öz sosial məsuliyyətini yerinə yetirərək yeni iş yerlərinin yaranmasına dəstək olur. Bu tək xalçaçılığa aid deyil. Bizdə dövlət hər şeylə məşğul olmaq istəyir, xalça da toxuyur, neft də çıxardır, pambıq da əkir, pomidor da yetişdirir, inək də saxlayır. Nəticədə hər yerdə ziyan, hər sahədə bahalıq və bərbad nəticələr görürük. Çünki, dövlət öz vətəndaşına güvənmir, inanmır, biznes məntiqini anlamır, nəzarətdən kənar pul qazana biləcək çevrələrin yaranmasından çəkinir. Bu anormal sovet-dövlət-məmur "kapitalizm" sistemidir".