"Hesab edirəm ki, avqustun 31-də Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə əsəs müzakirə mövzusu kommunikasiyalar məsələsi olacaq".
Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
"Ən vacib mövzulardan biri də Zəngəzur dəhlizidir. Çünki, Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında mütəmadi bağlantının yaradılması üçün çox mühümdür.
Eyni zamanda, regiondan kənar olan oyunçuların da bu məsələyə marağı artmaqdadır. Biz başa düşürük ki, hazırkı mərhələdə Rusiya-Türkiyə, Rusiya-İran və Fars körfəzi istiqamətində gedən iqtisadi maraqların daha da fəal olması üçün dəmiryolu xətti lazımdır. Buna görə də, Zəngəzur dəhlizinin əhəmiyyəti artır.
Təbii ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxanlar da var. Regiondakı bəzi oyunçular və Qərb dövlətləri tərəfindən buna qarşı çıxanların olması da istisna deyil. Bu baxımdan hesab edirəm ki, digər mövzularla yanaşı Zəngəzur dəhlizinin müzakirəsi Brüssel görüşündə ən vacib məsələlərdən biri olacaq.
Çünki həm Avropa İttifaqı, həm də Amerika Birləşmiş Ştatları bu münaqişə ilə bağlı verdikləri bəyanatlarda bildirirlər ki, onlar texniki yardım göstərməyə hazırdırlar. Texniki yardım ilk növbədə kommunikasiya əlaqələrinin bərpası deməkdir. Biz görürük ki, onların da bu mövzuya marağı yüksək səviyyədədir, - deyə o bildirib.
Murad İbrahimli