"Azərbaycan artıq elə bir reallıq yaradıb ki, hər bir görüş, hər bir diplomatik addım Azərbaycanın siyasi maraqlarını ən yüksək səviyyədə təmin edir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov deyib.
"Azərbaycan hər hansı görüş keçirirsə və bu istiqamətdə addım atırsa, bunların hamısı dövlətimizin milli maraqlarına uyğundur. Misal üçün, bir neçə gün öncə Brüsseldə Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirildi. Həmin görüşün də böyük əhəmiyyəti var idi. Həmçinin, delimitasiya ilə bağlı görüşlərin keçirilməsi də olduqca vacibdir.
Hesab edirəm ki, Avopa İttifaqının təşkil etdiyi "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü də keçirilə bilər. Bu da, əlbəttə ki, Azərbaycanın xeyrinədir.
Əgər Ermənistan tərəfi hansısa bəhanə ilə danışıqları uzatmağa çalışacaqsa, bilməlidir ki, "Dəmir yumruq" hər zaman yerindədir və lazım olan anda işə salına bilər. Biz bunu qisas əməliyyatında da gördük", - deyə o bildirib.
Xatırladaq ki, avqust ayının 30-da Moskva şəhərində Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli dövlət komissiyasının ikinci görüşü keçiriləcək.
Murad İbrahimli