"Rəsmi statistikaya görə, bu ilin yeddi ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19 faiz, orta aylıq əmək haqqı 14 faiz, inflyasiya isə 13 faiz artıb. Amma bu, rəsmi statistikadır".
Bunu "Unikal"a açıqlamasında deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, əgər əhalinin hər nəfərinə düşən nominal gəlirləri və orta aylıq əmək haqqını əhali kateqoriyaları üzrə təhlil etsək, onda görərik ki, əhalinin xeyli hissəsinin real gəlirləri rəsmi statistikada göstərilən səviyyədə artmayıb:
"Nominal gəlirləri inflyasiya tempindən, xüsusən, ərzaq inflyasiyasının artım tempindən aşağı səviyyədə artdığından, əhalinin real gəlirləri azalıb. Gündəlik tələbat mallarının çoxunun qiyməti isə 13 faiz deyil, ondan 2 dəfə, bəzən isə daha yüksək templə artıb. Yüksək ərzaq qiymətləri tələb və təklifdə elə ciddi dalğalanmalar formalaşdırıb ki, bazarda məhsul olsa da, əhalinin xeyli hissəsində lazımi qədər pul yoxdur ki, həmin məhsullardan heç olmasa minimum tələbatı ödəyə bilən qədər alıb istifadə etsin. Güzəranın daha da pisləşməsinin qarşısını almaq üçün əmək haqqı, pensiya və digər ödənişlər əhalinin itkilərini kompensasiya edə biləcək səviyyədə artırılmalıdır".
Anar Kəlbiyev