Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilir.
"Unikal" xəbər verir ki, konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.
Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar.