“Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba qalmaqallı vəziyyətlə üzləşib.
"Unikal" xəbər verir ki, ulduz futbolçunun böyük qardaşı Matia Poqba ondan 13 milyon avro tələb edib.
Poqba Mütəşəkkil Cinayətkarlığa qarşı Mərkəzi İdarənin müstəntiqlərinə uşaqlıq dostları və avtomatla silahlanmış iki kapüşonlu şəxs tərəfindən tutulduğunu deyib. Onun sözlərinə görə, peşəkar səviyyədə oynamağa başlayandan sonra dostlarına maddi yardımı dayandırdığı üçün dəstə futbolçudan 13 milyon avro istəyib.
Şantajçılar bildiriblər ki, 13 il ərzində Polu gizli şəkildə qoruyublar, buna görə də xidmətlərinin qarşılığını istəyirlər.
Dəstə üzvləri arasında Poqba sonradan qardaşı Matianı görüb. Bu üzdən o, əvvəlcə “Yuventus”un vəkillərinə, ardından isə polisə müraciət edib. Prokurorluq mütəşəkkil dəstənin şantaj cəhdi ilə bağlı iş açıb.
Matia Poqba isə sosial şəbəkədə video paylaşaraq, Polun tələb olunan pulu ödəməyəcəyi təqdirdə onun və PSJ-nin hücumçusu Kilian Mbappenin barəsində bütün həqiqəti danışacağını vəd edib.
Qeyd edək ki, bu ilin yayında “Yuventus”a qayıdan Pol Poqba Turin klubu ilə 4 illik müqavilə imzalayıb.