"Zəngəzur dəhlizinin açılması həm Çin, Avropa ilə əlaqələrimizi genişləndirəcək, həm də Naxçıvanla birbaşa əlaqəmiz olacaq".
Bunu "Unikal"a müsahibəsində deputat Vahid Əhmədov deyib. O bildirib ki, indi Zəngəzur yolunun açılması çox vacibdir:
"Zamanla digər məsələlər də öz həllini tapacaq. Sülh sazişinin imzalanması ilə bağlı da fikirlər səsləndirilir. Ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya, demarkasiya məsələsi həll olunmasa, sülh sazişi imzalanan deyil. Ermənistan da bunu həll etmək istəmir. Vaxtı uzadır ki, görsün Rusiya-Ukrayna müharibəsi nə ilə nəticələnəcək və s. Amma zamanla bütün məsələlər öz həllini tapacaq. Ərazi bütövlüyümüzü, sərhədlərimizi bərpa edəcəyik. Bununla bağlı ciddi problem görmürəm".
V.Əhmədov qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə sənaye parkları tikilir: "Bundan başqa 3 rayonda hava limanı tikilir. Bunlardan biri artıq istifadəyə verilib. Əsas məqsədimiz həmin yerlərə əhalini köçürməkdir. Əhalini nə qədər tez sərhəd bölgələrə köçürə bilsək, ondan sonra təsərrüfatı inkişaf etdirmək rahatdır. Qarabağ bölgəsi böyük ehtiyatlara malikdir. Onların hamısından istifadə olunacaq. İşğaldan azad edilmiş hər bir rayonun baş planı var. Ona uyğun olaraq tikinti işləri aparılır".