"Bu, Brüsseldə Avropa İttifaqı xətti ilə həyata keçirilən 4-cü görüş idi. Bundan əvvəlki görüşlərdə bir sıra prinsipial razılaşmalara nail olunsa da, Ermənistan tərəfinin qeyri-konstruktivliyi, danışıqlar prosesini uzatmaq niyyətlərini nəzərə alsaq, bu görüşün nəticələrinin reallaşdırılması istiqamətində praktiki addımlar atılmayıb".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə Brüssel arasında xoşagəlməyən, kifayət qədər şübhəli görünən manevrlər edir:
"Bu, Ermənistanın Azərbaycanla imzalayacağı sülh barədə həm Moskvada, həm də Brüsseldə şübhələr əmələ gəlib. Bu baxımdan, dördüncü görüşə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel daha yaxşı hazırlaşmışdı. O, əvvəlcədən Prezident İlham Əliyevin gündəliklə bağlı fikirlərini öyrənmişdi. Həmçinin, Nikol Paşinyanın gündəliyin müəyyənləşdirilməsinə dair təkliflərini almışdı. Hər bir tərəfin mövqeyinə çox diqqətlə yanaşılmışdı. Paşinyanın görüşə daha tez getməsi, orada kimlərləsə məşvərəti barədə müxtəlif fikirlər yayılsa da, görüşün keçirilməsində onun manevr imkanları qalmamışdı. Burada söhbət təcavüzkar Ermənistanla, Vətən müharibəsində qalib gəlmiş Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsi idi. Ötən görüşdə də bu məsələ gündəmə gətirilmişdi. Onun konkret konturları cızılmışdı, amma yerinə yetirilməmişdi. Bu dəfə həmin məsələyə daha praktiki yanaşıldı və işçi qruplarının hazırlanması barədə razılıq əldə olundu. İşçi qrupunun tərkibi sentyabrın sonlarına qədər müəyyənləşdirilməklə sülh sazişinin ilkin variantı xarici işlər nazirləri tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilsin. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel qeyd etdi ki, bu məsələyə daha diqqətlə və ardıcıl olaraq nəzarət edəcəklər. Sülh sazişinin layihəsinin hazırlanmasını diqqətlə izləyəcəklər".
Siyasi şərhçi qeyd edib ki, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər də müzakirə olunub:
"Bu, görüşdən bir gün əvvəl Moskvada Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının növbəti görüşü keçirilmişdi. Növbəti görüş Brüsseldə Avropa İttifaqının bilavasitə vasitəçiliyi ilə bu görüş baş tutacaq. Görüş zamanı Nikol Paşinyan erməni xislətinə uyğun olaraq ənənəvi cığal mahiyyətini ortaya qoyaraq son baş verən hadisələr barədə iddialar səsləndirib. Burada söhbət Azərbaycanın Qisas əməliyyatı və eyni zamanda Laçın dəhlizinin yeni yolla əvəzlənməsi haqqında məsələlər qaldırıb. Bu məsələlər Prezident İlham Əliyevin hərtərəfli izahından sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tərəfindən də qəbul edilib. Əsas diqqət yeni sülh sazişinin layihəsinin hazırlanmasına, sərhədlərin delimitasiyası məsələsinə və paralel olaraq Zəngəzur dəhlizinin açılmasına yönəlib. Bu barədə hər iki tərəf razılığını bildirib. Son iki ildə sülhyaratma prosesinə səylər göstərilsə də, indi bu proses ciddi start mərhələsinə daxil olub. Tərəflər arasında öz həllini gözləyən və ümumi razılığın əldə edilməsini gözləyən məsələlər ətrafında ilkin razılaşmalar əldə edilib, hərtərəfli, dayanıqlı sülh sazişinin imzalanması yolunda proses başlayıb".
Anar Kəlbiyev