Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və 1 nömrəli UGİŞM-in təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomçusu, “Şöhrət” ordenli, Əməkdar məşqçi, Fəxri Bədən tərbiyəsi və İdman işçisi, sambo üzrə SSRİ idman ustası Hacıyev Əli Nəriman oğlunun 60 illik yubileyi qeyd olunub.
"Unikal" xəbər verir ki, yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, 1 nömrəli UGİŞM-nin direktoru Ramil Qasımov, 2 nömrəli UGİŞM-nin direktoru Asif Həsənov, Gəncənin idman ictimaiyyətinin nümayəndələri, tanınmış idmançılar və məşqçilər iştirak ediblər.
Çıxış edənlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıb, Azərbaycan idmançılarının dünya idman arenalarında qazandıqları nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, bu uğurların əldə olumasında Əli Hacıyevin də xüsusi xidmətləri var. Bu gün onun yetirmələri müxtəlif beynəlxaq yarışlarda Dövlət Himnimizi səsləndirir və bayrağımızı yüksəldirlər.
Əli Hacıyev 60 illik yubiley tədbirinin keçirilməsi, eləcə də ölkəmizdə idmana göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını ifadə edib, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova təşəkkürünü bildirib.
Tədbirin yekununda Əli Hacıyev 60 illik yubileyi münasibətilə, Gəncə şəhərinin ictimai həyatında və idman sahəsindəki səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının “Təşəkkürnamə” si ilə təltif edilib.
Sonda xatirə şəkli çəkdirilib.