“Bizim regiondakı münasibətlərimiz çox yaxşı balanslaşdırılmışdır, onların öz dinamikası var. Bizim hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyimiz var və bu gündəlik bütün qonşularla fərqlidir”.
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq: “Əgər nəyisə deyiriksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Ona görə də bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq. Bizim mövqeyimiz çox sadədir. Biz hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyirik və bu, fundamental mövqedir. Bəli, bu, bizim öz problemimizə əsaslanırdı. Çünki bizim ərazi bütövlüyümüz pozulmuşdu və biz indi ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da bu mövqedəyik. Çünki ölkənin ərazi bütövlüyü zor tətbiq edilərək pozula bilməz, bu, beynəlxalq hüququn pozulmasıdır. Bu mövqe kiminsə xoşuna gələ bilər, kiminsə yox, ancaq onlar bunu nəzərə almalıdırlar. Qısa olaraq demək istəyirəm ki, bizim regional inkişafla bağlı narahatçılıq yaradan heç bir məqamımız yoxdur”.