Oğuz rayonunda meliorativ tədbirlər davam edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Oğuz Suvarma Sistemləri İdarəsi Oğuz rayonunda 13 min hektara yaxın suvarılan sahəni suvarma suyu ilə təmin edir. Bu il suvarılacaq sahələrin 4523 hektarını dənli bitkilər, 45 hektarını texniki bitkilər tütün, 408 hektarını yonca, 215 hektarını bostan tərəvəz, 5440 hektarını çoxillik əkmələr və 1664 hektarını həyətyanı əkmələr təşkil edir. Oğuz rayonu ərazisində İdarəyə məxsus olan 78 ədəd subartezian və 14 ədəd artezian quyuları var. Həmin quyular rayon ərazisində olan 646 ha əkin sahəsinin suvarma suyu ilə və 4 kəndin bütünlüklə, 13 kəndin isə qismən içməli su ilə təmin edir. Su istifadəçilərini mütəşəkkil, səmərəli və ədalətli olaraq su ilə təmin etmək məqsədi ilə Sarca, Fətənburun və Türyançay Sudan İstifadəedənlər Birlikləri yaradılıb. Suvarma suyu təsərrüfatlara idarənin balnsında olan umumu uzunluğu 535.8 km olan 74 ədəd suvarma kanalları vasitəsi ilə öz axını ilə verilir. Suvarma kanallarının su mənbəyi Daşağıl çay, Oğuz çay, Xal-Xal çay, Qala çay və Qara su sistemləridir.
Oğuz Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı çay məcralarının təmizlənməsi və selə qarşı mübarizə tədbirlərini də həyata keçirir. Dağ çaylarının yaz və payız aylarında güclü yağışlar zamanı sel sularını gətirməsi çayların daşması kanalların tez-tez qum-çınqılla dolmasına və lillənməsinə səbəb olur. Bir başa çaylardan su götürən kanalların müəyyən hissələri çay yatağında yerləşdiyindən həmin hissələr il ərzində bir neçə dəfə təmizlənir və bərpa olunur. Əlavə olaraq kanalların 200 km-dən artıq hissəsi meşə fondunun ərazisindən keçdiyindən təbii proseslər nəticəsində kanallarda su itkisi yaranır. Kanallarda suyun maneəsiz və itkisiz axması üçün idarənin istismar tədbirləri planına uyğun olaraq cari ildə 283 min m³ ümumilikdə 32 kanalda 138 km lildən təmizlənmə işi görülüb. Bundan başqa yaşayış məntəqələrini və əkin sahələrinin sel və daşqın sularından mühafizəsi məqsədi ilə çaylarda mexanizimlərlə çay məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işlərini həyata keçirilir.
Qeyd edək ki, hazırda da su istifadəçilərinin su ilə təmin olunması və idarənin hidrotexniki qurğuları və avadanlıqlarının cari təmiri işləri davam etdirilir.