Xəbər verdiyimiz kimi, "Tərtər işi" ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu saxılanılıb.
"Unikal"ın məlumatına görə, Bəkir Orucov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
General-mayor Bəkir Orucovun ittiham olunduğu maddələr üzrə hansı cəzalar nəzərdə tutulduğunu təqdim edirik:
126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma) - Doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
145.3 (qanunsuz azadlıqdan məhrum etmə) - Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) - Altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri üzrə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Qeyd edək ki, general B.Orucov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi. O, bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.
Anar Kəlbiyev