Azərbaycan və İtaliya arasında münasibətlər bütün sahələri əhatə etməkdədir. Belə ki, iki ölkə arasında strateji əməkdaşlıq 2020-ci ildən rəsmiləşdirilsə də, münasibətlər daha əvvəlki illərdən inkişaf etməkdədir. Xüsusi ilə də bu münasibətlər neft-qaz ixracı sahəsində özünü göstərir. Azərbyacan müstəqillik əldə etdikdən sonra, xüsusi ilə də 1994-cü ildən etibarən dünya miqyaslı neft şirkətlərini ölkəmizə cəlb etdikdən və “Əsrin müqaviləsi” imzalandıqdan sonra İtaliyanın neft sahəsinə olan təlabatı Azərbaycan tərəfindən təmin olunmaqdadır. Azərbaycan üç böyük qaz kəməri layihəsinin müəllifidir.
Bunlardan biri Cənub-Qaz dəhlizidir ki, üç boru kəmərdən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Digəri Cənubi Qafqaz boru kəməridir, digəri Trans- Anadolu və Trans Qafqaz boru kəmərləridir ki, bu kəmərlər də məhz İtaliyaya qədər uzanır. Təxminən 3 500 km uzunluğunda olan mürəkkəb texniki infrastrukturdadır. Azərbaycanın qaz ehtiyatları olduqca çoxdur, təxminən 2.6 trilyon kub metr həcmindədir. Bu da Azərbaycanın gələcəkdə - növbəti onillikdə Avropanın qaz təchizatında və təhlükəsizliyində yaxından iştirak etməsinə imkan verəcək. Digər tərəfdən nəzərə alsaq ki, İtaliya həm də Avropa İttifaqının üzvüdür, ölkələrimiz arasındakı münasibətlər həm də Azərbaycan-Aİ arasındakı münasibətlərin inkişaf etməsinə səbəb olur. Yaxın zamanlarda Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıqla bağlı anlaşma- memorandum imzalanması isə İtalya Azərbaycan münasibətlərində yeni perspektivlər açır. Bu perspektivlər təbii ki, həm iqtisadi, həm siyasi, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə İtaliya şirkətlərinin yaxından iştirak etməsi məsələsidir. Azərbaycan bərpa olunan enerji sahəsində sərmayə yatırımı üçün vacib ölkələrdən biridir. Çünki biz Qarabağ və Şərqi Zəngəzuru tamamilə işğaldan azad etmişik. Bundan sonra dövlətimizin qarşısında duran əsas məsələlərdən biri işğaldan azad etdiyi ərazilərdə bərpa quruculuq proseslərinin aparılması, alternativ enerji mənbələrindən, yəni külək, günəş, hidroenerji stansiyalarından səmərəli istifadə etməklə bölgənin enerji təchizatını yaxşılaşdırmaq və eyni zamanda ölkəmizin enerji ixracını artırmaqdır. Bununla bağlı qarşıda böyük hədəflər var. Bu hədəflərin reallaşması üçün İtaliya şirkətləri Qarabağda artıq yaxından iştirak etməkdədir. Biz bu işləri Qarabağda həyata keçirmək, eyni zamanda Azərbaycanın enerjiyə olan təlabatını ödəməklə bağlı qarşıya qoyduğumuz məqsədləri həyata keçirmiş olacağıq. Bu məsələlər öz müsbət həllini tapdıqdan sonra, mövcud enerji resursları ilə daxili tələbatımızı ödəyəcək, eyni zamanda istehsal etdiyimiz qaz və digər enerji mənbələrinin xaricə ixracını daha da artıracağıq.
Bu da ölkəmizlə Aİ arasında münasibətlərin daha sürətlə inkişaf etdirməsinə gətirib çıxaracaq. Digər bir məsələ isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev digər ölkələrlə həmişə balanslaşdırılmış siyasət aparır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz enerji resurslarımızdan, imkanlarımızdan heç vaxt siyasi məqsədlər üçün istifadə etmirik. Bu da təbii ki, siyasətimizi apararkən qonşu ölkələrlə dostluq münasibətlərinin qorunub-saxlanmasına, qarşılıqlı maraqların təmin olunması üçün həyata keçirməyimizə imkan verir. İtaliya Azərbaycanın həm Avropaya inteqrasiyası, eyni zamanda Avropanın qaz və enerji təchizatı nöqteyi nəzərdən vacib ölkələrdəndir. Düşünürəm ki, bu əlaqələr bundan sonra da bütün sahələr üzrə, həm siyası, həm iqtisadi, həm mədəni, həm elmə və təhsil sahəsində inkişaf gələcəkdə Azərbaycanın da Avropaya inteqrasiyasında mühüm imkanlar əldə etməsinə səbəb olacaqdır.
Mahir Abbaszadə
Milli Məclisin deputatı