Əvvəlki qaydalarla müddətli əlillik təyin olunmuş şəxslərin müddət bitmədən yeni qaydalarla yenidən əlliliyin təyin olunması üçün müraciət edə bilib-bilməməsi məsələsinə aydınlıq gətirilib.
"Unikal" xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib ki, hazırda həmin şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş əlillik müddətləri var.
“Əgər həmin şəxslərə müddətli əlillik təyin olunubsa, onun müddəti bitdikdən sonra yeni qaydalara uyğun olaraq müraciət edəcək və yeni qaydalarla əlillik təyinatı aparılacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən edilir. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunur.