Azərbaycan höküməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBEA) birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” yekunlaşmaq üzrədir.
"Unikal" xəbər verir ki, layihənin icra vəziyyəti və görülmüş işlər “Azərsu” Açıq Səhmdar Cəmiyyətində YBEA nümayəndə heyəti ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirib, içməli və tullantı su sistemlərinin yenidən qurulması layihələrinin icrasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib.
YBEA-nın Şərqi və Mərkəzi Asiya, Qafqaz departamentinin direktor müavini Tanabe Hideki “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin uğurla həyata keçirildiyini, əhalinin sosial rifahının və məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində içməli və tullantı su şəbəkələri yenidən qurularaq istismara verilib. Naftalan şəhərində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşıb və qurğu istismara verilib. Xızı şəhərindəki qurğu sınaq rejimində işləyir, Xaçmaz və Qobustan şəhərləri, Altıağac qəsəbəsindəki qurğuların tikintisi üzrə son tamamlama işləri aparılır.
Görüşdə içməli su təchizatı və tullantı su sektorunda gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.