Siyasi partiyanın fəaliyyətinin dayandırılacağı və bərpa ediləcəyi hallar müəyyənləşir.
"Unikal" xəbər verir ki, bu barədə yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsinin 8-ci maddəsində qeyd edilib.
Layihəyə əsasən, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət dövrü başa çatanadək dayandırıla bilər. Bununla bağlı məsələlər “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” qanunlarına uyğun olaraq tənzimlənəcək.
Layihəyə görə, siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı tərəfindən qəbul olunur. Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində siyasi partiya qəbul olunmuş qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir və siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır. Siyasi partiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanuna uyğun olaraq müəyyən etdiyi pozuntuları xəbərdarlıqda göstərilmiş müddətdə aradan qaldırıb bu barədə məlumat vermədikdə, onun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında apellyasiya məhkəməsinin qərarı ilə 1 il müddətinə dayandırıla bilər. Siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Həmin məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır. Siyasi partiyanın fəaliyyəti bu barədə qurultayın qərarı qəbul edildiyi tarixdən, yaxud müvafiq məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən dayandırılmış hesab olunur. Bu Qanunda nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitikdən sonra siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.
Bu Qanunda nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitikdən sonra siyasi partiya 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunda nəzərdə tutulmuş xəbərdarlığında göstərilmiş pozuntuları aradan qaldırır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə məlumatı təqdim edir. Təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılması müəyyən edildikdə, məlumatın daxil olduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin məlumat alındığı tarixdən siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur. Bu Qanuna uyğun olaraq siyasi partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində siyasi partiya bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır. Bu Qanunda nəzərdə tutulmuş müddətdə məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə, həmçinin təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılmadığı müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanuna uyğun olaraq tədbir görür.