"Avtobuslarda gediş haqqı qiymətində artım ola bilər. Proses ona doğur gedir".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, elə etmək lazımdır ki, tıxac olmasın, nəqliyyat vasitələri normal hərəkət edə bilsin:
"Tıxaclar artandan sonra taksi nə etməlidir? Onlar 1 saat tıxacda qalacaqsa, demək bunu qiymətin üzərinə gələcək. Əlavə yanacaq işlədir, başqa yolu yoxdur. Digər tərəfdən, ictimai nəqliyyatın əhatə dairəsi geniş olmalı idi, amma yoxdur. Bu baxımdan, məcburi şəkildə qiymətlər artacaq. Artıq avtobuslar səmərəli nəqliyyat vasitəsi deyil. Saatlarla gözləyirsən, avtobus vaxtında gəlmir. Bununla bağlı tədbir görməyəndən sonra yeganə yol odur ki, qiyməti artırıb, canıvı qurtarasan".
Paytaxtda olan tıxacların aradan qaldırılması üçün hansı işlərin görülməsinə gəlincə, deputat bildirib ki, bununla bağlı atılmalı olan addımlar gecikib:
"Burada ancaq vaxtlı-vaxtında əsəb dərmanı atmaq lazımdır. Belə böyük şəhərdə 6-7 ildir metro tikintisi dayanıb. Qatarlar, tramvay xətləri və s. nəqliyyat vasitələri olmalı idi. Bunların heç biri yoxdur. Bir avtobusa ümid qalıb. Həmçinin, şəhərin boşaldılması istiqamətində də heç bir addım atılmadı, "gecəqondu"ların tikilməsinin qarşısı alınmadı. İndi də onun fəsadını çəkirik. İllər keçdikcə, tıxacların sayı artmağa başlayıb, bundan sonra heç bir tədbirin görülməsi də mümkün olmayacaq. Bu istiqamətdə ümidverici bir şey söyləmək mümkün deyil".
Anar Kəlbiyev