Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti iclası Odlar Yurdu Universitetində baş tutub.
"Unikal" xəbər verir ki, növbəti görüşdə adıkeçən layihənin 3-cü iş planı paketinin, o cümlədən Rektorlar Konfransının Strateji Planının və 2023-2025-ci illəri əhatə edən Fəaliyyət Planının hazırlanmasına dair məsələlər müzakirə edilib. Bildirilib ki, layihənin 3-cü iş planının icrasına cari ilin mart ayından başlanılıb və bu istiqamətdə Bakı Biznes Universiteti və Fransa Təhsil İnstitutunun iştirakı ilə onlayn görüşlər keçirilib. Layihənin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-Sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova layihə çərçivəsində yaradılacaq komitələrin fəaliyyəti ilə bağlı 20 universitet təmsilçisi- 48 prorektor arasında sorğu keçirildiyini deyib. Yekun nəticələr əsasında müvafiq komitələrin yaradılması qərara alınıb.
Belə ki, Litvanın Mykolas Romeris Universitetinin nəzarəti altında Təhsil İşləri və Keyfiyyət təminatı, İsveçin Kral Texnologiya Universitinin nəzarəti altında Elmi işlər, Polşa Rektorlar Konfransının nəzarəti altında Ali Məktəblərin strateji idarəedilməsi, Belçikanın EFMD akkreditasiya təşkilatının nəzarəti altında Beynəlxalq Əlaqələr və Fransanın Təhsil İnstitutunun nəzarəti altında Tələbə İşləri üzrə komitələrin fəaliyyət göstərməsi nəzərdə tutulur. Daha sonra Strateji Planın tərtib edilməsi məqsədilə yaradılan işçi qrupu arasında iş bölgüsü aparılıb, tapşırıqların icra mexanizmləri müzakirə edilib. G.Bayramova layihə çərçivəsində Rektorlar Konfransının 2023-2025-ci illəri əhatə edən Strateji Planının hazırlanmasına yaxın günlərdə start veriləcəyini diqqətə çatdırıb.
Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU üzrə layihə meneceri Səidə Məmmədova tədbirdə iştirak edib.