Məlum olduğu kimi, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi aktual məsəllərdən biridir. Bu günlərdə dövlət başçısının qanunvericilik təşəbbüsü hüququ ilə Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində bu məsələ öz əksini tapıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, ölkəmizin uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır. Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliklər nəticəsində iş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq.