"Rusiya ən ciddi səhvlərindən birini etdi. Avropaya qaz ixracını saxlamaqla özünə daha çox zərbə vurmuş oldu. Əvvəla ona görə ki, qaz ən təhlükəsiz və ən davamlı valyuta mənbəyi idi. Hər yerdən əli üzülən Rusiya əsas valyutanı burdan alırdı".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, indi Rusiya təkcə pul itirməyəcək, həm də qaz itirəcək:
"Çünki qaz yataqlarını su krantı kimi bağlamaq olmur. Qaz çıxan bəzi quyuların bağlanılması ümumiyyətlə mümkün deyil. Bəzilərini isə bağlamaq çox təhlükəlidir, böyük faciələr baş verə bilər. Bəzi aztəyziqli quyuları isə bir təhər bağlamaq olsa da, sonradan bu quyuları işə salmaq üçün külli miqdarda vəsait tələb olunur. Buna görə də, Rusiya Avropaya ixrac etdiyi 200 milyard kub metr qazın böyük bir hissəsini indi havaya uçurdub yandırmaq məcburiyyətində qalacaq. Bu qazın hansı həcmdə olduğunu aydın göstərmək üçün deyim ki, Azərbaycanın bir ildə istifadə etdiyi qazın həcmi cəmi 12 milyard kubmetrdir. İndi təsəvvür edin, Rusiya nə qədər qazı havaya yandırıb uçurtmalı olacaq.
Ən acınacaqlı hallardan biri də odur ki, Rusiyanın 1/3 hissəsi qazsızdır. Amma yenə qaz havaya uçurdulacaq. Ona görə ki, havaya yandırıb uçurduqları qazı Rusiyanın qazsız ərazilərinə vermək üçün infrastruktur mövcud deyil. Görünən odur ki, Rusiyanın bir-birini əvəzləyən yanlış strateji qərarları onu daha da çıxılmaz vəziyyətə salır".