"Mən dəfələrlə demişəm ki, delimitasiya və demarkasiya işləri tam yekunlaşmasa, sülh müqaviləsi imzalanmasa, belə hadisələr olacaq".
Bunu "Unikal"a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Sülh müqaviləsi imzalanana qədər ermənilər bu cür təxribatlarla məşğul olacaq, amma Azərbaycan tərəfi də bunun qarşısında sakit dayanmayacaq. Artıq Azərbaycan Ermənistana 5 bənddən ibarət sülh sazişi təklif edib. Dəfərlərlə bildirilib ki, Azərbaycan tərəfi öz işçi qrupunu hazırlayıb. Ermənistan isə bu prosesi ləngidir. Gərək, Ermənistan tərəfi də işçi qrupu yaratsın və onlar birlikdə sülh müqaviləsi üzərində işləsinlər. Onlar bunu nə qədər tez başa düşsələr, Ermənistan üçün də bir o qədər yaxşı olar. Bu prosesin tez başa çatması elə Ermənistanın milli maraqları üçün də çox önəmlidir", - deyə o qeyd edib.
Sabiq nazir Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə də münasibət bildirib:
"2020-ci il 10 noyabr bəyanatına əsasən, sülhməramlılar bu hadisələrə qarışmalı deyil. Onların işi atəşkəsi təmin etməkdir. Bu gün isə Rusiya Xarici İşlər Nazirliyi atəşkəsin təmin olunması üçün səy göstərdi", - E.Məmmədyarov deyib.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Təxribat nəticəsində Azərbaycan Ordusunun itkilər verdiyi açıqlanıb.
Murad İbrahimli