Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan ilə AYİB arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Xüsusilə qeyri-neft sektorunda iqtisadi fəallığın dəstəklənməsi, iş yerlərinin yaradılmasına dair layihələrin reallaşdırılması, dövlət müəssisələri ilə yanaşı, özəl sektorun maliyyələşdirilməsinin artırılmasında, bərpaolunan və alternativ enerji sahəsində Azərbaycanda artıq həyata keçirilən layihələrdə AYİB-in iştirakı və dəstəyi qeyd edilib, gələcək layihələrin həyata keçirilməsində bu iştirakın genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı nəqliyyat-logistika sahəsində həyata keçirilən fəaliyyətlərə dəstək verilməsi, bu qəbildən ötən gün AYİB ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan və 100 milyon dollar məbləğində kreditləşmənin nəzərdə tutulduğu layihənin perspektivləri müzakirə edilib. Həmçinin Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının mümkün iştirakı barədə fikir mübadiləsi aparılıb.
Telekommunikasiya sahəsində əməkdaşlığa toxunulub, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək “Küçələrin işıqlandırılması” layihəsinə dair Qrant, Kredit və Layihə sazişlərinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Oxşar layihələrin ölkəmizin digər şəhərlərində də həyata keçirilməsi perspektivləri müzakirə olunub.