ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verib və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd edib.

Dövlət başçısı Azərbaycanın sülh gündəliyini dəstəklədiyini və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini bildirib.

xxx

19:02

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı keçirib və o, Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlardan dərin narahatlığını bildirib .

"Unikal" xəbər verir ki, söhbət zamanı amerikalı diplomat Bakı ilə İrəvan arasında nizamlanmaya çalışdıqlarını bildirib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün əlindən gələni edir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.