Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop sentyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"-a verilən məlumata görə, telefon danışığı zamanı TBMM sədri sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla maraqlanıb, qardaş ölkənin xalqımıza və dövlətimizə dəstəyini və həmrəyliyini ifadə edib. O, Ermənistanın təxribatları nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı özünün və TBMM üzvlərinin adından Sahibə Qafarovaya və Azərbaycan xalqına başsağlığı verib.
Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan tərəfindən törədilən təxribatlar haqqında həmkarına ətraflı məlumat verib. Spiker başsağlığına görə Mustafa Şentopa və TBMM üzvlərinə minnətdarlığını bildirib, xalqımızın hər zaman qardaş Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib.