Regionun ən böyük hidrotexniki qurğusu olan Ağstafaçay Hidroqovşağında təmir işləri aparılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Ağstafaçay Hidroqovşağı regionun ən böyük hidrotexniki qurğusu sayılır. Su anbarı 1969-cu ildə tikilib. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin balansında olan anbarın açılışı 1971-ci ildə Ümummilli lider Heydər Əliyevin iştirakı ilə baş tutub. Anbara su Ağstafa çayı vasitəsilə daxil olur. Anbarın həcmi 120 mln m3 –dir. 46 m dərinliyi olan anbarın üzərində tikilən bəndin uzunluğu 1980 m, hündürlüyü 50 m-dir. Hazırda anbarda cari təmir işlərinə start verilib. Bəndin uzun müddət istismar olunan beton üzlüyü təmir olunaraq bəndin dayanıqlılığı artırılır. Həmin ərazidə 200 m3 beton işinin görülməsi nəzərdə tutulub.
Anbardan su 2 ədəd Sağ və Sol Magistral kanalları vasitəsi ilə verilir. Sol Sahil Magistral kanalının uzunluğu 11 km, su buraxma qabiliyyəti isə 13 m3/san –dir. Kanal 14 min ha ərazini suvarır. Sağ Sahil Magistral kanalının uzunluğu isə 58 km, su buraxma qabiliyyəti 25m3/san-dir. Kanal 43 min ha ərazinin suvarılmasını təmin edir. Kanalların üzərində 124 ədəd müxtəlif təyinatlı hidrotexniki qurğular mövcuddur. Hər il olduğu kimi bu il də suvarma mövsümü başlamazdan öncə kanallar maşın və mexanizmlərin köməyi ilə lildən təmizlənib, hidrotexniki qurğulara baxış keçirilərək nasazlıqlar aradan qaldırılıb. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi texnikaları tərəfindən 2022-ci ilin əvvəlindən bu günə kimi 170 min m3 lildən təmizləmə işləri həyata keçirilib.
Qeyd edək ki, Ağstafaçay Su Anbarı qərb bölgəsinin dörd rayonuna Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının əkinə yararlı 57 min ha ərazisinin suvarılmasına xidmət edir.