“Meşə yanğınları ilə bağlı xüsusi komissiya yaradılıb”.
"Unikal" xəbər verir ki, bunu ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib.
O bildirib ki, bu il ötən illərlə müqayisədə yanğın hadisələrin daha geniş ərazilərdə oldu, həm də say etibarilə daha çox baş verdi. Bu il ilk olaraq meşə yanğınları ilə bağlı ETSN-in tərkibində komissiya yaradılıb. Həmin komissiyanın xüsusi iş proqramı tərtib edilib. Bu il meşələrin mühafizəsi üçün ilkin olaraq mineral zolaqların çəkilməsi, meşəətrafı ərazilərin müəyyən ölçüdə şumlanması işləri aparılır. Eyni zamanda mümkün olan ərazilərdə yeni yollar çəkilib ki, yanğın hadisəsi baş verdiyi təqdirdə həmin ərazilərə avtomobillə müdaxilə etmək olsun.
O əlavə edib ki, 2017-2022-ci illər ərzində ümumi meşə ərazilərində 176 yanğın hadisəsi baş verib. Təxminən yanğınlar 2200 hektar ərazini əhatə edib. Bu il isə ilkin hesablamalara görə yanğının əhatə etdiyi ərazi 650 hektara qədərdir. Bu ərazilərdə tamamilə məhv olmuş ərazilərin uçotunu aparırıq.