“Rusiya Dövlət Dumasının deputatı, hakim Vahid Rusiya Partiyasının üzvü Konstantin Zatulin hər zaman olduğu kimi anti-Azərbaycan mövqeyindən əl çəkmir. Onsuz da bütün dairələr onun qərəzli və qeyri-obyektiv olduğunu bilir”.
Bu fikirləri “Unikal”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib.
Onun sözlərinə görə, Zatulinin anti-Azərbaycan mövqeyi və səsləndiriyi fikirlər öz dövlətinin siyasətinin ziddinədir:
“Zatulin öz tutduğu vəzifəsini, dövlətinin apardığı siyasəti tapdalayır. Görün, adam nə qədər sərsəmləyir ki, Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşməsini "respublika günü" münasibətilə "təbrik edir". Təbrik etdiyi kimlərdir, terrorçular, Azərbaycan Ordusu tərəfindən məhv edilmiş rəzil qruplar. Rusiya Dövlət Dumuasının üzvü olan bir şəxsin belə bir axmaq addım atması təbii ki, yolverilməzdir. Məsələ ondadır ki, söhbət Zatulindən gedirsə, burada təəccüblənmək lazım deyil. Zatulinin Ermənistan və erməni lobbi dairələrinin əlində bir alət olduğu hər kəsə məlumdur, həmişə separatçılığa, işğalçılığa dəstək verən mövqeyi ilə tanınıb. Amma Zatulinin Azərbaycana və rəhbərliyinə dil uzatması cavabsız qalmamalıdır.
Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn istiqamətdə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Ölkə prezidentlərinin mütəmadi qarşılıqlı səfərləri, görüşləri bunu bir daha göstərir. Lakin Zatulin kimi ermənilərin tapşırığı ilə işləyən adamların fikirləri ilə dövlətlərarası münasibət pisləşə bilməz. Ancaq hesab edirəm ki, bu cür hərəkətlərə Rusiya tərəfindən də münasibət bildirilməlidir. Biz tələb etməliyik ki, Rusiya tərəfi Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət versin", - deyə deputat əlavə edib.
Gülayə Mecid