Sentyabrın 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – baş gizir Azər Məmmədovun doğulduğu Qazax rayonunun Kəmərli kəndində dəfn mərasimi keçirilib. 
"Unikal"
xəbər verir ki, dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının qərargah rəisi, general-mayor Aqşin Məhərrəmov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib.
Kəmərli kənd qəbiristanlığına aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. İcra başçısı qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Azərbaycan Ordusunun, hərbçilərimizin, xalqımızın Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək onun “İrəli!” əmrini hər an yerinə yetirməyə qadir olduqlarını qeyd edib. İ
Dəfn mərasimində iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının qərargah rəisi, general-mayor Aqşin Məhərrəmov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin adından şəhidimizin ailəsinə, yaxınlarına başsağlığı verib, şəhidimizə Allahdan rəhmət diləyib. 
Ruhuna dua oxunduqdan sonra şəhid baş gizir Məmmədov Azər Mustafa oğlunun nəşi yaylım atəşi altında uğrunda canından keçdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib. 
“Vətən sağ olsun!” söyləyən şəhid atası Mustafa Məmmədov övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Sentyabrın 13-də Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olub. O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsində baş gizir idi.