Sentyabrın 15-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələr və valideynlərlə görüşüb.
"Unikal" xəbər verir ki, birinci kurs tələbələrini və onların valideynlərini təbrik edən Şahin Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, müasir standartlara uyğun şəkildə qurulması istiqamətində mühüm islahatların həyata keçirildiyini bildirib.
DGKA-nın qısa müddət ərzində inkişafına, məzmun və müasir üsulların tətbiqi baxımından tədrisin günün tələbləri səviyyəsində qurulmasına xüsusi diqqət göstərildiyi vurğulanıb.
Şahin Bağırov Akademiyada tələbələrin bilikli və ixtisaslı geniş sahəvi mütəxəssislər, layiqli vətəndaş kimi yetişmələri üçün imkanların səfərbər olunacağını, onların asudə vaxtının səmərəli təşkili, fərdi bacarıqlarının inkişaf etdirilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.
Sonra qəbul zamanı yüksək bal toplayan 1-ci kurs tələbələrinə tələbə kartları təqdim edilib.
Görüşdə çıxış edən valideynlər Akademiyada yaradılan şəraitə, tələbələrə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, bu il 5 ixtisas üzrə 140 tələbə Akademiyada təhsil almaq hüququ qazanıb.