Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu,  2001-ci il təvəllüdlü Zaqatala rayon Qımır  kənd sakini  əsgər Turan Tərlan oğlu Məhərrəmovun   cənazəsi bu gün doğulduğu Zaqatala rayonunun Qımır  kəndinə gətirilib.
"Unikal" xəbər verir ki, Turan Məhərrəmovun   yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala  Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.
Şəhid Turan Məhərrəmov doğulub boya-başa çatdığı Qımır kənd qəbristanlığında dəfn olunub. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına  təqdim olunub, havaya yaylım atəşi açılıb.