Şəkidə torpaq kanal beton üzlüyə alınır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Şəki Suvarma Sistemləri İdarəsi rayon ərazisində olan 38980 ha suvarılan torpaq sahələrinin su ilə təminatına xidmət edir. Əkin sahələrinin suvarılması dağ çaylarından qidalanan təsərrüfatlararası və təsərrüfatdaxili kanallar, 5 ədəd nasos stansiyalar, idarənin balansında olan 222 ədəd subartezian və artezian quyuları vasitəsi ilə həyata keçirilir. Mənbələrdən götürülən suların sahələrə itkisiz və vaxtında çatdırılması məqsədi ilə torpaq məcralı kanallar beton üzlüyə alınır. 7 kəndin 6000 hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təminatına xidmət edən Dəhnə beton kanalında son illərdə əsaslı təmir işləri aparılır. Dəhnə beton kanalın ümumi uzunluğu 28 km-dir ki, həmin kanal da uzun müddətdir istismar olunur. 2022-ci ilə qədər kanalın 9,5 km hissəsində əsaslı təmir işləri aparılaraq, beton üzlüyü bərpa edilib. Bu il isə 2,1 km hissədə kanalın əsaslı təmir olunması nəzərdə tutulub. Bundan başqa suyun maneəsiz axınını təmin etmək üçün torpaq məcralı kanallar il boyu lildən təmizlənir.
Ümumi uzunluğu 17,5 km olan 10-a yaxın kəndin 3483 ha suvarılan torpaq sahələrinə xidmət edən Cəyirli arx təsərrüfatlararası kanalı 1961-ci ildən istismar olunur. Mənbəyini Əlican çayından götürən kanal torpaq məcralıdır. Bu günə kimi kanalın 11 km hissəsi lildən təmizlənib. Bununla bərabər rayon ərazisində olan sel təhlükəli dağ çaylarında sel sularının maneəsiz axıdılması məqsədi ilə mexanizmlərlə tənzimləmə işləri görülür. Bu işlər 2022-ci ilin 8 ayı ərzində 314 min m3 həcmdə həyata keçirilib.
Qeyd edək ki, Şəki Suvarma Sistemləri İdarəsi balansında olan 222 ədəd subartezian quyusu vasitəsi ilə 50 min nəfərə yaxın əhalinin içməli, kommunal-məişət və digər məqsədlər üçün, həmçinin 1550 ha həyətyanı və 1500 ha əkin sahələrinin suvarma suyu ilə təminatını həyata keçirir. İdarə tərəfindən 2022-ci ilin 8 ayı ərzində 81 ədəd subartezian quyusunda cari təmir işləri aparılıb.