Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb və onları tələbə adını qazanmaqları münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, görüşdə ilk olaraq son günlər ölkəmizə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatlara diqqət çəkilib və bu təxribatların qarşısı alınarkən şəhid olan hərbi qulluqçularımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Rektor bildirib ki, baş verən təxribatlar Ermənistan silahlı qüvvələrinin, hərbi-siyasi rəhbərliyinin ikinci Qarabağ müharibəsində düçar olduğu ağır məğlubiyyətdən dərs çıxarmadığının və bu ölkədə revanşist niyyətlərin mövcudluğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən hərbi-siyasi idarəçiliyinə və Ordumuzun yüksək peşəkarlığına diqqət çəkən rektor şəhidlərimizin qisasının dərhal alındığını və düşmənə sarsıdıcı zərbələr vurulduğunu bildirib. Professor Gülçöhrə Məmmədova tələbələri fərdi inkişafları üzərində daha çox çalışmaqla, bilikli, peşəkar mütəxəssis və əsl vətənpərvər Azərbaycan gənci olaraq dövlətimizə xidmət göstərməklə ölkəmizi daim qəsbkar hücumlardan müdafiədə iştiraka çağırıb.
İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən sürətli tikinti-quruculuq işlərində iştirak etmək arzusunun gənclərimizdə memarlıq və inşaat sahəsinə olan həvəsi daha da artırmasının, eləcə də universitetdə aparılan islahatların, elmi-texniki yeniliklərin təhsilə səmərəli tətbiqinin AzMİU-ya marağı artırdığını deyən rektor, universitetin tarixi haqqında tələbələrə məlumat verib. Qeyd olunub ki, ölkəmizin memarlıq və inşaat sahəsi üzrə yüz illik tədris ənənəsini özündə birləşdirən AzMİU-da mütərəqqi təhsilin tətbiqi üçün beynəlxalq təcrübə dərindən öyrənilir və tətbiq edilir. Məhz buna görə bu ilki qəbul prosesi zamanı I kursa qəbul olmuş tələbələrin ümumi sayında, eləcə də yüksək bal toplamış tələbələrin sayında kifayət qədər artım müşahidə olunur. Təbii ki, bu hal olduqca sevindiricidir və universitetin bütün sahələr üzrə daha da inkişaf etməsinə zəmin yaradır.
AzMİU-nu seçən tələbələrə daha kefiyyətli təhsilin verməsinin bundan sonra da prioritet olacağını qeyd edən professor Gülçöhrə Məmmədova tələbələrə universitetin ikili diplom müqavilələri çərçivəsində mübadilə proqramlarına, innovativ və sosial layihələrə, universitetin tələbə təşkilatlarına, ictimai işlərə və müxtəlif könüllülük proqramlarına da qoşulmağı tövsiyyə edib.
AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov da çıxış edərək tələbələri təbrik edib. Prorektor AzMİU-da tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı tələbələrə məlumat verib. Bildirilib ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində işlək mexanizm formalaşdırılıb.
Görüşün sonunda tələbələrə rektor tərəfindən tələbə biletləri, hədiyyələr təqdim edilib və xatirə fotoları çəkdirilib.