Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.
"Unikal" xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Elçin Sadıqovun vəkilləri çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.
Məhkəmədə həmçinin Elçin Sadıqov aclıq aksiyasına başladığını elan edib.
Növbəti proses sentyabrın 17-də davam edəcək.
***10:54
Bu gün Bakı Apellyasiya Məhkəməsində rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqovun məhkəməsi keçiriləcək.
Bu barədə "Unikal"a vəkil Cavad Cavadov məlumat verib.
O qeyd edib ki, saat 15:00 keçirilməsi nəzərdə tutulan prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayev sədrlik edəcək.
"Müəyyən prosessual əsaslar var. Düşünürəm ki, onun barəsində həbs qətimkan tədbiri seçilməyə də bilər", - deyə C.Cavadov bildirib.
Qeyd edək ki, ötən gün istintaq hərəkətləri ilə bağlı Elçin Sadıqov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Baş Prokuroluğa aparılıb.
Xatırladaq ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
E.Sadıqov öz müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.
Anar Kəlbiyev