Torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın müdafiəsi, sərhədlərimizin bərpası və qorunması uğrunda əbədiyyətə qovuşan hər bir şəhidimizin adının əbədiləşdirilməsi, xatirəsinin əziz tutulması və keçdikləri örnək döyüş yollarının gələcək nəsillərə davamlı şəkildə təbliğ olunması dövlətin prioritet məsələlərindən biridir.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti də gündəlik fəaliyyət istiqamətlərinin aparıcı hissəsini şəhid ailələrinə xüsusi qayğı və diqqətin göstərilməsi, qaldırdıqları məsələlərə həssas yanaşılması, habelə şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı məsələlərə həsr edir. Sentyabrın 16-da Lənkəran rayonunun Sütəmurdov kəndində şəhid Məmmədov Rəşid Rəşad oğlunun xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı keçirilib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bulaq kompleksinin açılış lentini şəhidin atası Rəşad Məmmədovla birgə kəsib. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edərək bildirib ki, şəhid ailələrinə xüsusi qayğı və diqqətin göstərilməsi, eyni zamanda Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi daim cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. İcra başçısı qeyd edib ki, ölkəmizin gücü və qüdrəti son dövrlər o qədər artıb ki, artıq hər bir Azərbaycan vətəndaşı onun yanında və arxasında güdrətli dövlətinin olduğunu bilir və buna inanır. “Dövlətimiz bütün vətəndaşlarına sahib çıxır, onların hüquqlarının qorunması, bərpası və təmin olunması istiqamətində lazımi tədbirləri görür” deyən Taleh Qaraşov sentyabrın 12-i gecə, 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən təxribatlara toxunub.
Bildirib ki, sərhədlərimizin qorunması uğrunda həlak olan vətəndaşlarımızın qisası alınıb. Lənkəran rayonunun Nərimanabad qəsəbəsindən də sözügedən təxribatlar zamanı bir sakinimizin şəhid olduğunu vurğulayan icra başçısı şəhid valideynlərinə, onların ailə üzvlərinə, habelə Lənkəran ictimaiyyətinə başı dik, vüqarlı duruşları, qətiyyətli mövqeləri ilə dövlətin yanında olduqları üçün təşəkkürünü qeyd edib: “Xalqın “Dəmir Yumruq” kimi birliyini, acısını qəlbinə dəfn edib düşmən qarşısında mətanətli duruşunu artıq hər kəs görür və anlayır. Şəhid valideyni də, sıravi vətəndaşlarımız da əmindirlər ki, bu torpaq uğrunda axıdılan hər damla qana görə düşmənlərimiz laiqli cəzalarını və cavablarını alırlar”. Şəhid atası Rəşad Məmmədov bildirib ki, şəhidlərimizin qanının yerdə qalmaması bütün şəhid valideynlərinin arzusudur. “Bu, hər bir şəhid valideyninin təsəllisidir” deyən R.Məmmədov şəhid valideynlərinin və ailə üzvlərinin acısını yaxından hiss edən Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli duruşu ilə şəhidlərimizin qisasının alınmasına göstəriş verməsinin onlar üçün heç nə ilə müqayisə oluna bilinməyəcəyini vurğulayıb. Çıxışlardan sonra Sütəmurdov kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şerlər səsləndirilib. Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və ictimaiyyətin nümayəndələri Sütəmurdov kənd qəbiristanlığındakı şəhidlərin məzarlarını ziyarət edib, məzarları önünə tər çiçəklər düzüb və ruhlarına dualar ediblər. Qeyd edək ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşid Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.