Sentyabrın 16-da Azərbaycanın Baş prokuroru Kamran Əliyev Argentinanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qonağı salamlayan Baş prokuror səfirə fəaliyyətində uğurlar arzu edərək iki ölkə arasında bir çox sahədə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Baş prokuror səfiri Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq bərpa işləri haqda məlumatlandırıb. 44 günlük Vətən müharibəsi dövründə xarici dövlətlərin baş prokurorlarına edilmiş müraciətlərlə əlaqədar olaraq Argentinanın Baş prokuroru Kasal Eduardo Ezeqiel tərəfindən mənəvi dəstək bildirən cavab məktubunun ünvanlandığını minnətdarlıq hissi ilə xatırladığını bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən xanım səfir ölkəmizdə görülən işləri, bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirdiyini, xalqlarımız və ölkələrimizin mənafeləri, ikitərəfli münasibətlərin inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Azərbaycanla Argentina arasında dostluq və tərəfdaşlıq əlaqələri, müxtəlif sahələrdə işgüzar münasibətlərin mövcudluğu vurğulanaraq dövlətlərimizin prokurorluq və hüquq-mühafizə orqanları arasında cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı əməkdaşlığın vacibliyi qeyd olunub, qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.