Sentyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, MAXE əsgər 2002-ci il təvəllüdlü Süleymanov Turxan İdris oğlunun nəşi torpağa tapşırılıb. 
"Unikal"
xəbər verir ki, keçirilən vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək bildirib ki, Turxan Süleymanov torpaqlarımızın ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Qeyd olunub ki, şəhid Turxan Süleymanovun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Əhəd Abıyev şəhidin atası İdris Süleymanova təqdim edib.
Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub  və yaylım atəşi açılıb.