Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycanın Kosmik Agentliyi – Azərkosmosun nümayəndə heyəti 18-22 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edir.
"Unikal" xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyasının ildə bir dəfə təşkil etdiyi konqres qlobal kosmik sahənin nümayəndələrini bir araya gətirir.
Builki tədbir “Kosmos hamı üçün əlçatandır” (Space for all) mövzusunda keçirilir. Konqresə kosmik texnologiya istehsalçıları, bu sahənin inkişaf etdiyi ölkələrin hökumət nümayəndələri, dövlət və qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar, nüfuzlu tədqiqat və inkişaf mərkəzlərinin təmsilçiləri, astronavtika sahəsi üzrə elm adamları və kosmonavtlar qatılıblar.
Ölkəmiz Parisdə “IAC 2023 Baku” və Azərkosmos stendləri ilə təmsil olunur. Stendlərdə Azərbaycanda kosmik sahənin inkişaf tarixi, ölkəmizdə həyata keçirilən kosmik proqramlar, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə həyata keçirilən layihələr, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları haqqında məlumatlar əksini tapıb.
Sərgi pavilyonunda Azərkosmosla yanaşı, Avropa Kosmik Agentliyi, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA), Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya, Almaniya və digər dövlətlərin kosmik qurumları təmsil olunur.
Bu gün keçirilən açılış mərasimində dövlət və özəl şirkətlərin, inkişaf etməkdə olan ölkələrin kosmos sahəsində təcrübəsi, onların inkişaf yolu, həmçinin dünya peyk sənayesində baş verən yeniliklər, tədqiqat və inkişaf üzrə innovativ texnologiyaların tətbiqində kiçik ölçülü peyklərin istifadəsi və imkanları barədə panel çıxışları olub.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi çərçivəsində quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin 12-ci beynəlxalq iclası da keçirilib. Azərbaycanı bu iclasda Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Vüqar Bayramov təmsil ediblər.
Beynəlxalq Astronavtika Konqresi 73 illik tarixində artıq dördüncü dəfədir ki, Paris şəhərində təşkil olunur. Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) təşkilatçılığı ilə keçirilən konqresdə ilkə imza atılıb, tədbirin təşkili prosesində dayanıqlı inkişaf prinsipləri və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyətlər tətbiq edilib. Bunlara karbon tullantıları və çirkləndirməni azaldan, enerji və resurslardan istifadənin effektivliyini artıran fəaliyyətlər daxildir.
Konqres Mars və Aya gediş-dönüş missiyaları, “James Webb” Kosmik Teleskopunun bəşəriyyətə töhfəsi, “Global Networking Forum” kimi maraqlı panel müzakirələri, dəyirmi masa görüşləri, interaktiv sessiya və zəngin proqramlarla bu həftə kosmosun yeniliklərini gündəmdə saxlayacaq.
Azərkosmosun bu konqresdə iştirakı 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinin sürətlə davam etməsinin göstəricisidir. Həmçinin Paris konqresi növbəti il Bakıda keçiriləcək tədbirə beynəlxalq kosmik ictimaiyyəti dəvət etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə keçiriləcək konqres kosmik sektorun ekosisteminin daha da inkişaf etdirilməsi, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə yeni təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq.
Xatırladaq ki, 25 oktyabr 2019-cu il tarixində Beynəlxalq Astronavtika Federasiyasının ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən seçkiləri zamanı Bakı şəhəri 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. İlk dəfə 1950-ci ildə Paris şəhərində keçirilmiş konqres dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbir hesab olunur.